BAKI, 30 sentyabr — Sputnik. İndoneziyanın Mərkəzi Sulavesi əyalətində yüzdən çox məhbus həbsxanadan qaçıb. Guya ki, həbsxana rəisi onlara zəlzələ nəticəsində zərər çəkən yaxınlarını axtarmağa icazə verməməsi səbəbindən məhbuslar bu addımı atıblar.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "The Jakarta Post" qəzeti yazıb.
Nəşrin bildirdiyinə əsasən, kütləvi qaçış sentyabrın 28-də baş verib. Belə ki, yeraltı təkanlar başlayan zaman bir neçə yüz məhbus azadlığa buraxılmaqlarını tələb edib. Daha sonra 342 məhbus qiyam qaldıraraq həbsxana binasını yandırıb.
Polis əməkdaşları vəziyyəti nəzarətə alsalar da, 100-dən çox cani islah müəssisəsindən qaçıb. Onların axtarışına 100-dən çox polis əməkdaşı cəlb edilib.
Qeyd edək ki, həbsxana binasının ciddi xəsarət aldığına görə hüquq mühafizə əməkdaşları məhkumlara nəzarəti həyata keçirməkdə böyük problemlər yaşayır.
Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.
Son məlumatlara görə, nəticədə ən azı 830-dan çox adam ölüb, minlərlə adam yaralanıb. Hakimiyyət orqanları ölənlərin sayının bir neçə minə çatacağını istisna etmirlər.