BAKI, 28 sentyabr — Sputnik. "Xaliq Faiqoğlu" MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir. Sputnik Azərbaycan şirkətin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, şirkət Bakı şəhərində, xüsusilə də şəhərin mərkəzi hissələrində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda qadın sürücülərin də işləməsini arzulayır və bu məqsədlə zərif cinsin nümayəndələrini işə dəvət edir.
"D" sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar info@safa.az e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisimizə birbaşa müraciət edə bilər.
"Nəzərinizə çatdırmaq istəyirik ki, yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və "EURO 5" standartlı müasir avtobusları idarə edəcək" — deyə şirkət bəyan edir.
Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.