Rövşən Rüstəmov: “Peyklərimiz mövqeyimizi möhkəmləndirəcək”
“Azerspace-2” peykinin orbitə buraxılmasında əsas məqsəd “Azərkosmos”un təqdim etdiyi peyk xidmətlərinin çeşidinin və əhatə dairəsinin daha da genişləndirilməsi, ən əsası “Azerspace-1” peykinin orbitdəki ehtiyatının yaradılmasından ibarətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib.
Rövşən Rüstəmov bildirib ki, “Azerspace-1” peyki 2013-cü ildən fəaliyyət göstərir: “Bu günədək ehtiyat peykin olmaması "Azərkosmos"un beynəlxalq tenderlərdə iştirakını məhdudlaşdırırdı. Hər iki telekommunikasiya peykimizin birgə gücü onun peyk texnologiyaları bazarındakı payını və mövqeyini daha da möhkəmləndirəcək. “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək".