RUSİYA

Vladimir Putin: "Bizim həmişə danışmağa sözümüz var"

Vladimir Putin: "Rusiya-Azərbaycan münasibətləri həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir"
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. "Bakıya dəvətə və cüdo üzrə dünya çempionatında olmaq imkanına görə çox sağ olun. Mən bunun necə layiqli, çox yüksək beynəlxalq səviyyədə təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda olmaqla Cüdo üzrə Beynəlxalq Federasiyanın məmnunluğunu görürəm. Mənə indi burada hər şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, bu, təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfədir: "Əlbəttə ki, bu gün regionlararası forumda bizim iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir. Doğrudur, biz bu yaxınlarda Soçidə görüşdük, amma münasibətlərimizin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, bizim həmişə danışmağa sözümüz var. Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə verilən impuls itməsin və Sizinlə imzaladığımız çox əhəmiyyətli sənədlər işləsin. Düşünürəm ki, biz bu gün elə bu barədə danışacağıq".