Oktyabrda Azərbaycanın yeni turizm brendi təqdim olunacaq

"Regionlarda fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin fəaliyyətində islahatlar aparılacaq"
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. "Bu il oktyabrın 18-də Dövlət Turizm Agentliyi irimiqyaslı tədbir baş tutacaq — Azərbaycanın yeni turizm brendi təqdim olunacaq. Yeni brendin altında Azərbaycanın yeni turizm strategiyası və siyasəti dayanır. Daha sonra ilin sonunadək Azərbaycanın yeni turizm brendinin Londonda Ümumdünya təqdimatı keçiriləcək. Bu strategiyaya əsasən biz yol xəritəmizə uyğun yeni siyasət hazırlanıb, buna uyğun inkişaf edəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bu gün keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda bildirib.

K.Quluzadənin sözlərinə görə, tendensiya göstərir ki, Azərbaycana gələn turistlərin sayı hər il artır: "Bu ildə 8 faizdən çox artım var. Yaxın zamanda Azərbaycan Hotellər Assosiasiyası yaradılacaq. Bundan sonra bu qurum Avropa Hotellər Assosiasiyasının üzvlüyünə qəbul prosesinə başlanılacaq. Bununla da Avropa Komissiyasının tətbiq etdiyi standartlarla Azərbaycanda hotellər standartlaşdırılacaq, ulduzlaşdırılacaq və sertifikatlaşdırma aparılacaq".

"Hazırda, həmçinin reyestr məsələsi müzakirə olunur. Regionlarda fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin fəaliyyətində islahatlar aparılacaq. Bakıda isə turistlərin üçün məlumat köşklərinin sayı artırılacaq", — o qeyd edib.