İQTİSADİYYAT

Azərbaycanda böyük tənəzzüldən çıxış yolu tapılıb - Buna inqilabi dönüş də demək olar

Həvəskar təsərrüfatçı kartofçuluqda rentabelliyin azalması səbəblərini analiz edərək becərdiyi kartof sahəsində inqilabi məhsuldarlığa nail olub
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda kartofun vətəni hesab edilən Gədəbəydə məhsuldarlıq ildən-ilə azalır. Bu, əkinə yararlı torpaqların get-gedə tükənməsi, həmçinin kartofun qiymətinin ucuzluğu ilə əlaqədardır. Belə ki, əkinə yararlı torpaq sahələrinin çoxu gəlir gətirmədiyindən maldarlıq məqsədilə istifadə edilərək boş buraxılır.

Bütün bu geriləmənin səbəbini araşdıraraq, aradan qaldırmaq istəyi iş adamı Həmid Hacıyevi yaşadığı Bakı şəhərindən, doğulduğu Gədəbəy rayonunun Novoivanovka kəndinə qaytarıb. O, burada həvəskar təsərrüfat yaradaraq, artıq ikinci əkin ilində 1 ha sahədən 75-80 ton məhsul əldə edib. Bununla da yerli kartofçuluqda inqilabi məhsuldarlıq əldə etməyi bacarıb. Becərdiyi ən böyük kartofun çəkisi isə 1480 qram olub.

Həmid Hacıyev

İxtisasça mühəndis olan Həmid Hacıyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində əsas məqsədinin doğulduğu rayonda kartofçuluğun rentabelliyini artırmaq olduğunu deyib: "Hər dəfə qohum-əqrəbayla danışarkən kartof becərib ziyanda qaldıqlarını, daha əkin əkməyib, maldarlığa keçmələri haqda söhbətlərini eşidirdim. Qərara gəldim ki, məhsulsuzluğun səbəbini araşdıram. Çoxlu kitablar oxudum, xaricdə təcrübəli fermerlərlə görüşdüm və yavaş-yavaş bunun səbəbləri mənə aydın oldu. Lakin insanlarımız eşitdiklərinə inanmaq istəmədi. Buna görə də kəndə gəlib, əkin əkmək qərarına gəldim ki, bu təcrübədən camaat əyani olaraq yararlansın".

Sahibkarın araşdırmalarında gəldiyi ilk nəticə bu olub ki, əkin sahələri indiyədək amansız istismar edilir, lakin əvəzində torpağa heç bir qulluq göstərilmir: "İllərdir torpağın canını sorub, əvəzində ona heç nə verməmişik. Nəticədə, 100 illərdir istismar olunan torpaq bizə ölü olaraq çatıb. Əgər biz də nə isə etməsək, əkinçilikdə bizdən sonrakı nəsilləri daha pis vəziyyət gözləyir. Ona görə iki il əvvəl ilk dəfə əkinə başlayanda əsas işim torpağın gücləndirilməsi oldu".

H.Hacıyev ikinci ən böyük yanlışın toxumçuluqla bağlı olduğunu söyləyib: "Biz illərdir iri kartofları satıb, kiçiklərisə toxuma saxlamaqla özümüzə ən böyük zərbəni vurmuşuq. Bu yolla neçə nəsil yerli kartof növünü məhv etmişik. Kiçik kartoflar o kartoflardır ki, onlar mühitə uyğunlaşmayıb, lazım olan tərkibi torpaqdan ala bilməyib. Təsəvvür edin, biz belə kartofları toxum üçün istifadə etməklə indiyədək mühitə uyğunlaşmayan, zəif tərkibli kartofun nəslini artırmışıq".

Həvəskar təsərrüfatçı bu yanlışları düzəldərək, toxumluq üçün ən azı 0,5 kq-dan yuxarı kartoflardan istifadə etdiyini deyib: "İndiyədək 60-80 qramlıq kartofların ideal toxumluq olduğunu qəbul etmişik. Amma mən toxum olaraq ən böyük kartoflardan istifadə edirəm. Böyük ölçülü kartofu üzərindəki cücərti gözlərinə uyğun olaraq 30 qramdan az, 100 qramdan çox olmayan hissələrə bölüb basdırıram. Belədə tərəvəz həm 10 gün tez yetişir, həm də daha məhsuldar olur".

Həmid Hacıyevin təsərrüfatında yetişdirilmiş kartof

Həmsöhbətimiz məhsuldarlıqda əsas amillərdən birinin torpağa lazım olan gübrələrin vaxtında və miqdarında verilməsindən asılı olduğunu bildirib: "Hər bir tərəvəzin bioloji kütləsinin və meyvəsinin xüsusi kimyəvi tərkibi var. Bu tərkibə uyğun olaraq da ilk cücərmədən məhsul yetişənədək bitkinin hansısa makroelementə, mikroelementə tələbatının zamanını bilib, həmin vaxt o gübrələri vermək lazımdır. Bunu miqdarında və zamanında etməklə bol məhsuldarlıq almaq mümkündür".

Seçim yolu ilə nail olunan yüksəkliyi heç bir elm yolu ilə almağın mümkün olmadığını deyən təsərrüfatçı əkinçilikdə heç bir GMO-dan (Genetik Modifikasiya olunmuş Orqanizm) istifadə etmədiyini, seçimini yalnız dünyada qida üçün istifadə edilən kartof növləri arasında apardığını qeyd edib: "İndiyədək dünyanın müxtəlif yerlərindən 34 kartof növü gətirib sınaqdan keçirmişəm. İki ildir onlar arasında seçim edirəm".

"Məsələn, keçən il Gədəbəydə 2 ay 20 gün yağış yağmadığı üçün quraqlığa davamiyyətə görə növlər arasında seçim etdim. Bu il isə 4 ay yağışlı mövsümlə əlaqədar isti və yağışlara dözümlü kartof növünü ayırdım. Seçimlərin nəticəsi olaraq, gələcəyə yalnız mühitə tam uyğun gələn 4 kartof növü saxlamaq fikrim var" — Hacıyev diqqətə çatdırıb.

O, gələn il üçün daha bol məhsul götürməyi və bir kartofun çəkisini 2 kq-a qaldırmağı planlaşdırır. Bol məhsuldarlığa baxmayaraq, sahibkar kartof satmaqda maraqlı olmadığını, öz sahəsinin toxum tələbatını götürdükdən sonra kənd sakinlərinə payladığını deyib. Və təcrübəsindən daha çox insanın yararlanması üçün video çəkilişlər edərək sosial şəbəkələrdə də yayımlayır.