MƏDƏNİYYƏT

Bakıda möhtəşəm hind toyu baş tutub

"Alov Hinduizim dinində enerji və əbədilik simvolu olduğundan, Fairmont Bakının möhtəşəm Alov qüllələrində yerləşməsi onlara özlərini evdə hiss etdirdi"
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. 3-7 sentyabr 2018-ci il tarixlərində "Fairmont Bakı, Flame Towers" hoteli Maithili Sagar & Rohit Guptanın hind toyu mərasiminə dəvət edilmiş 400-dən çox qonağı qəbul edib. Bu barədə Sputnik Azərbaycan-a hotelin Marketinq Departmentindən məlumat verilib.

"Hindli cütlük öz toylarını keçirmək üçün məhz Azərbaycanı seçdilər. Müasir və yüksək keyfiyyətli məkan axtarışında olan Maithili Sagar & Rohit Gupta öz bərabərliklərini qeyd etmək üçün "Fairmont Bakı, Flame Towers"-ın əla seçim olduğunu fikirləşdilər. Həmçinin alov Hinduizim dinində enerji və əbədilik simvolu olduğundan, Fairmont Bakının möhtəşəm Alov qüllələrində yerləşməsi onlara özlərini evdə hiss etdirdi" — deyə məlumatda bildirilir.

Qonaqlar siyahısına toy mərasimində iştirak etmək üçün cütlüyün dünyanın dörd bir tərəfindən – Hindistandan, Kanadadan, Amerikadan və Dubaydan gələn ailə üzvləri və dostları daxil idi. 4 gün davam edən tədbirlər Hindistanın məşhur toy təşkilatı şirkəti olan "Chapter 2 Events" (C2E) tərəfindən planlaşdırılaraq təşkil olundu.

1 / 3
Bakıda keçirilmiş ilk möhtəşəm hind toyu
2 / 3
Bakıda keçirilmiş ilk möhtəşəm hind toyu
3 / 3
Bakıda keçirilmiş ilk möhtəşəm hind toyu

Toy mərasimi sosial şəbəkələrdə "Rohit & Maithili"nin əbədi məhəbbət hekayəsini göstərən "#RoMaForLife" həştəqi ilə əksini tapıb. Fairmont Bakı öz qonaqpərvərliyini daha yüksək səviyyəyə qaldıraraq eyni adlı Wi-Fi şəbəkəsi və eksklüsiv butler xidmətini toy qonaqları üçün təşkil edib.

"Toyun ilk günündə 400-ə yaxın qonağın Punjabi stilində qarşılandığı Jazz Club, ailənin gəldiyi Punjab şəhərini xatırladan məkana çevrildi. "Mehndi Mehfil" mərasimi günündə qonaqlar "Nur Lounge & Terrace"da Sufi musiqisi sədaları altında və çəhrayı rəngin kölgəsində əllərinə xına yaxdılar" — deyə məlumatda qeyd olunur.

"Grand Ballroom"da keçirilən Bollivud dəbdəbəsi gecəsində Hindistanın milli geyimlərində olan qonaqlar məşhur hind müğənniləri və yaxın qonaqların rəqsi ilə müşayiət olunan ənənəvi "Sangeet" qonaqlığında iştirak ediblər. Otelin lobbisində keçirilən "Baraat" mərasimində bəyin yaxınları canlı musiqi sədaları altına rəqs edərək onu qarşılayıblar və toyun keçiriləcəyi məkana yola düşüblər.

Son toy mərasimi Azərbaycan gecəsinə həsr olunub və bu xüsusi gündə "Grand Ballroom zalı" Qərb rəsmiyyəti ilə yanaşı özündə Bakı dəbdəbəsini və mədəniyyətini əks etdirən "Royal" zala çevrilib.