Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 25 sentyabr — Sputnik. Sumqayıtda metal uğrunda ölüm-dirim savaşı olub və nəticədə iki cavan oğlan qarın nahiyəsindən aldıqları bıçaq xəsarətləri ilə şəhər xəstəxanasına düşüblər. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xəsarət alan şəxslər 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Mühəmməd Nizami oğludur. Hüquq-mühafiə orqanlarından bildirilib ki, hələlik faktla bağlı heç kəs saxlanılmayıb.
Problem ondadır ki, pasientlər dava zamanı hücumun qurbanı olduqlarını etiraf etmək istəmirlər. Halbuku bəzi məlumatlara görə, dava hətta kütləvi xarakterli olu. Zərərçəkmişlərin sözlərinə görə, guya hər ikisi əlvan metal yığarkən armaturun üzərinə yıxılaraq xəsarət alıblar. Yalnız o məlumdur ki, xəsarət alan gənclərin hər ikisi metal qırıntıları toplamaqla pul qazanır.
Asayiş keşikçiləri isə Nəsirov və Əliyevin sözlərinə inanmır, əsl həqiqəti üzə çıxarmaq üçün araşdırmanı davam etdirirlər. Ehtimal var ki, cavanlar arasında davaya səbəb məhz əlvan metallar olub.