BAKI, 24 sentyabr — Sputnik. Rusiya iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə müdafiə komplekslərini təhvil verəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
"Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücum vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" — deyə Şoyqu vurğulayıb.
Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hərbi Hava Qüvvələrinin müdafiə imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırmışdı, lakin vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.
Qeyd edək ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.
Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.
Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.