BAKI, 24 sentyabr — Sputnik. Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olmuş rahib Bransonla bağlı maraqlı iddia ortaya atılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın məşhur "The Wall Street Journal" nəşrinə danışan Türkiyə və Amerikadan olan səlahiyyətli şəxslər rahib Bransonun oktyabrın 12-də azadlığa çıxacağını deyiblər.
Qəzetin xəbərinə görə, rahib Bransonun azalığa çıxa biləcəyi anonsunu verən türkiyəli rəsmi şəxs, bunun baş verməsi üçün də Vaşinqtonun hazırda Ankaraya qarşı yeritdiyi təzyiq siyasətini aradan qaldırmalı olduğunu bildirib. Məqalədə, həmçinin Ağ Evin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları azaltmaq niyyətində olduğu da vurğulanıb.
Məsələyə münasibət bildirən amerikalı bir təhlükəsizlik eksperti qeyd edib ki, oktyabrın 12-də gözlənilən məhkəmə prosesinədək ABŞ Türkiyəyə qarşı sərt davranış sərgiləməli deyil: "O müddətədək gözləmək lazımdır. Əgər oktyabrda Branson azadlığa buraxılmasa, türklərə qarşı təzyiqləri artırmaq lazımdır".
Mütəxəssis, əlavə edib ki, indidən nə təzyiq göstərmək, nə də rahibin azad olunacağına dair bayram etməyə tələsmək lazımdır: "Çünki Ərdoğan da Tramp kimi fikrini dəyişə bilər".