HADİSƏ

Biləsuvarda 81 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Agentliyin mütəxəssisləri və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş əraziyə tarixində baxış keçirilib
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş əraziyə tarixində baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 81 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 700 kv.m əraziyə yerüstü baxış keçirilib.

21 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 949 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 avtomatı aşkar olunub, 173 200 kv.m əraziyə yerüstü və 9 155 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.