BAKI, 23 sentyabr — Sputnik. Dünyanın ikinci ən böyük palçıq vulkanı olan “Otman Bozdağ” (Qaradağ ərazisində yerləşir) bu gün səhər saatlarında püskürməyə başlayıb.
Abşeron Palçıq Vulkanları Qoruğunun direktoru Ceyhun Paşayev realtv.az-a bildirib ki, hazirda da vulkanda püskürmə prosesi davam edir.
“Birinci püskürmə saat 9 radalərində, ikinci püskürmə isə 10 radələrində baş verib. “Otman Bozdağ” dünyanın ikinci böyük palçıq vulkanıdır. Hündürlüyü 390 metrdən artıqdır. Bu dəfəki püskürmə çox güclü olub. Alovun hündürlüyü 200-300 metrə çatıb. Hazırda vulkanın üzəri çox dərin çatlarla örtülüdür. Bəzi yerlərdə 40 metrə qədərdir. Son püskürmə 2017-ci ildə fevral ayının 6-da baş verib. Hazırda vulkanda aktivlik müşahdə olunur. Vulkandan yerin səthinə çox böyük həcmdə tullantı xaric olunur. 4 yerdə alov sütunu var. Hərəsi 30-50 metr hündürlükdədir”, — deyə Ceyhun Paşayev bildirib.