Trampın Paşinyanla görüşməyəcəyi dəqiqləşdi – Nazir açıqladı

Ermənistan xarici işlər naziri vurğulayıb ki, birgə işləmək üçün müxtəlif meydançalar var
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. “Ermənistan tərəfi baş nazir Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp arasında görüşün təşkil olunması üzərində işləyir, lakin bu proses vaxt tələb edir”. Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin başçısı BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün ABŞ-a gedəcək. Lakin onun BMT Baş Assambleyası çərçivəsində amerikalı liderlə görüşü planlaşdırılmır.

Ermənistan xarici işlər naziri vurğulayıb ki, birgə işləmək üçün müxtəlif meydançalar var və Paşinyan – Tramp görüşü məsələsi həllini tapacaq.

Bununla yanaşı, Mnatsakanyan yüksək səviyyədə ikitərəfli görüşün konkret olaraq nə vaxt baş tutacağına dair suala cavab verməyə çətinlik çəkib.