İQTİSADİYYAT

“Əsrin müqaviləsi” olmadan müasir Azərbaycanı təsəvvür etmək mümkün deyil

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Azərbaycanın feodalizmdən kapitalizmə keçidi neft sənayesi üzərində qurulub
Sputnik

İlham Şaban: ““Əsrin müqaviləsi” bizim ilk böyük uğurumuz idi”
Azərbaycanda sənaye sektorunun 90 faizdən artığını neft-qaz sənayesi təşkil edir. Bunu Sputnik Azərbaycan-a “Əsrin müqaviləsi”nin əhəmiyyəti haqqında danışarkən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert bildirib ki, faktiki olaraq neft-qaz sektoru Azərbaycan sənayesinin lokomotividir: “Azərbaycanın feodalizmdən kapitalizmə keçidi neft sənayesi üzərində qurulub. Biz müstəqilliyimizi qazandıqdan sonra əldə etdiyimiz ilk böyük uğur 1994-cü ildə xarici neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” idi. Aradan 23 il keçəndən sonra bu müqavilə üzrə ikinci yeni bir saziş imzalandı”.

“Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə imzalanıb.