HADİSƏ

Bölgədə gərgin durum yaranıb, kənd sakini çıxılmaz vəziyyətə düşüb

Sürüşmə baş verən ərazidə sürüşmə aktivliyinin kəşfiyyatı aparıldıqdan sonra müvafiq tədbirlər görüləcək
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Cənub bölgəsində yağan yağışlar sürüşmə zonalarının yenidən aktivləşməsinə səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinə məlumatına görə, sentyabrın 17-dən 18-nə keçən gecə Astara rayonunun Miki kəndində torpaq sürüşməsi baş verib.

Kənd sakini Meybulla Xalıqov bildirib ki, sürüşmə gecə saat 03:00 radələrində qeydə alınıb: "Ayın 17-si gecə şiddətli yağışlar başladı. Ayın 18-də səhərə az qalmış evin arxasından güclü səs gəldi, ev silkələndi. Əvvəlcə elə bildik ki, zəlzələ oldu. Həyətə düşüb baxanda gördük ki, evin arxasındakı təpədən torpaq sürüşüb tökülüb. Yuxarıda olan ağaclar da kökündən çıxaraq sürüşüb, torpaqla bir yerdə evin arxa divarına dirənib. Səhər açılanda isə gördük ki, evin altındakı zirzəmini su basıb. Su divarın daşlarının arasından süzülərək evin altına dolmuşdu. Evimizin arxasındakı təpədə isə iri laylar əmələ gəlib. Bir dəfə də güclü yağış yağsa, çatlamış torpaq sürüşəcək və təpə evimizin üstünə aşacaq".

M.Xalıqov evini 1988-ci ildə tikdiyini və ilk dəfə torpaq sürüşməsi ilə üzləşdiyini deyib.

1 / 5
Astara rayonunun Miki kəndində torpaq sürüşməsi
2 / 5
Astara rayonunun Miki kəndində torpaq sürüşməsi
3 / 5
Astara rayonunun Miki kəndində torpaq sürüşməsi
4 / 5
Astara rayonunun Miki kəndində torpaq sürüşməsi
5 / 5
Xalıqov Meybulla evinin 1-ci mərtəbəsində su toplanmış yerləri göstərir

"Hətta zəlzələ olanda da belə olmamışdı. Sürüşmədən sonra evin arxa divarlarında və evin zirzəmisinin beton döşəməsində çatlar əmələ gəlib. Evdə 9 nəfər yaşayır. Sürüşmə olsa, evdə daha yaşamaq mümkün olmayacaq. Evin zirzəmisində olan ərzaqlarımız da, evim özü də yararsız hala düşüb. Mənə kömək lazımdır ki, sürüşmənin qarşısını ala bilim" — deyə ev sahibi kömək istəyib.

Artıq baş vermiş sürüşmə ilə bağlı aidiyyatı qurumlar da məlumatlandırılıb. Siyəkü Bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, həmin ərazidə olublar və evə baxış keçiriblər: "FHN-ə də müraciət edilib. Problem tezliklə həllini tapacaq".

Bələdiyyə sədri onu da əlavə edib ki, sürüşmə baş verən ərazidə sürüşmə aktivliyinin kəşfiyyatı aparıldıqdan sonra müvafiq tədbirlər görüləcək.