HADİSƏ

Türkiyədə öldürülən iş adamı Nardaranda dəfn ediləcək

Xatırladaq ki, dünən gecə İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Türkiyədə öldürülən iş adamı Etimad İsmayılovun cənazəsi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, iş adamı sabah Nardaranda dəfn ediləcək.

Qeyd edək ki, iş adamının ailəsi Nardaranda yaşayır. Etimad İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva da Azərbaycana gələcək.

Xatırladaq ki, dünən gecə İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb. Başından 2 və ürəyindən 1 güllə ilə yaralanan İsmayılov aparıldığı xəstəxanada vəfat edib. İş adamını qətlində sabiq polis rəisi Gözəl Dəmirov şübhəli hesab edilir.

Türkiyə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində G.Dəmirov Beşiktaşda saxlanılıb, onunla birlikdə sürücüsü də saxlanılıb.

Etimad İsmayılov 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın Baş prokuroru və Ədliyyə naziri işləmiş İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır.