İQTİSADİYYAT

İqtisadçı: “Dünya bazarında neftin qiyməti çoxdan siyasiləşib”

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, neft bazarında gərginlik aradan qalxarsa, 2020-ci ildə neftin qiymətində azalmalar müşahidə oluna bilər
Sputnik

Vüqar Bayramov: “ABŞ İrandan neft alan ölkələrə sanksiya tətbiq edə bilər”
Səudiyyə Ərəbistanı İrana qarşı ABŞ sanksiyaları nəticəsində “Brent” markalı neftin barelinin qiymətinin 80 dollardan yüksək olmasını məqbul sayır. Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən yazıb.

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, hazırda dünya bazarında neftin bahalaşması İrana tətbiq edilən sanksiyalarla bağlıdır: 

“ABŞ-ın İrana qarşı sanksiyaları İran neftinin bazara nəqlinə çətinliklər yaradır. ABŞ noyabra kimi İrandan neft alan ölkələrə vaxt qoyub. Əgər həmin ölkələr İrandan neft almağa davam etsələr, ABŞ onlara da sanksiya tətbiq edə bilər. Hazırda dünya bazarında neftin qiyməti siyasiləşib. Növbəti dövrlərdə qiymətin dəyişməsi siyasi qərarlardan asılı olacaq. Neft bazarında gərginlik aradan qalxarsa, 2020-ci ildə neftin qiymətində azalmalar müşahidə oluna bilər. Yaxın zamanlarda neftin hazırkı qiymətlərinin qorunub saxlanacağı inandırıcıdır”.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz