HADİSƏ

Bakıda dəhşətli qəza: Eyni anda 4 nəfər öldü

Hadisə Xətai rayonu ərazisində Nobel prospektində qeydə alınıb
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Bakıda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Xətai rayonu ərazisində Nobel prospektində qeydə alınıb.

Belə ki, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxarmağa çalışır. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

"Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub". Bunu Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: "Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".