İQTİSADİYYAT

Arıçılıqla məşğul olanlara şad xəbər

Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədə olacaq
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Nazirlər Kabineti "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası"nı təsdiqləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədə olacaq.

Məşhur "Miki balı" və haramı sevməyən arılar

Bu Qayda "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi qaydasını müəyyən edir.

Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş "Arıçılıq təsərrüfatlarının uçotu Qaydası"nın tələblərinə uyğun uçota alınmalıdır.

Arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilir.

Arıçılar saxladıqları arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim edirlər.

Rayon (şəhər) komissiyaları hər il dekabrın 30-dək arıçılara dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş subsidiyanın məbləği barədə hesabatı Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Subsidiya verilmiş arıçılara dair elektron məlumatlar nazirliyin rəsmi internet saytında yerləşdirilir.