BAKI, 19 sentyabr — Sputnik. Bakıda cavan oğlan doğma qardaşını bıçaqlayıb. Cinayət paytaxtın Yasamal rayonu ərazisində törədilib. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Hələlik məlum olan yalnız budur ki, sentyabrın 18-də axşam saat 18:00 radələrində 1-ci Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib. Münaqişə nəticəsində 1991-ci il təvəllüdlü Həsənli Sərxan Alxan oğlu 1990-ci il təvəllüdlü qardaşı Acalov Qaraxan Alxan oğluna bıçaqla xəsarət yetirib. Sərxan Qaraxanın sinə və qarın nahiyəsinə 3 dəfə bıçaqla zərbə endirib. Zərərçəkmiş hazırda ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.
Cinayətdən dərhal sonra Həsənli soyadlı qardaş qaçaraq gizlənib. Hazırda Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları şübhəlinin saxlanılması istiqamətində tədbirlər görürlər. Cinayətin motivi hələlik məlum deyil.
Ağır bədən xəsarətləri yetirmə faktı ilə bağlı AR Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb.