CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metrostansiyanın bağlanması ilə əlaqədar Bakıda marşrut xətləri dəyişdi

Bakı Nəqliyyat Agentliyi alternativ yola əl atıb
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Bakı metrosunun "Xətai" stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) alternativ yola əl atıb.

Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edir

BNA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

Qeyd edək ki, Bakı metrosunun "Xətai" stansiyası əsaslı təmir işləri ilə əlaqədar olaraq bir müdddət bağlı olacaq. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Metropolitenin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Həmçinin, 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır. Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma prosesinin qrafikə uyğun, keyfiyyətlə yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanıb.

Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək.

"Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.

Qarşıdakı müddət ərzində, həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı" mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, "Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edir ki, "Xətai" stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin, "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq.

Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.