BAKI, 19 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Senatı Pentaqona Ukraynaya göstərilən hərbi köməyi artırmağa imkan verib. Sputnik Azərbaycan "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Pentaqon tərəfindən 2019-cu il üzrə tətbiq olunan büdcə layihəsinə əsasən Birləşmiş Ştatlar Ukraynaya yönəldilən hərbi yardımı 250 milyon dollara qədər artıracaq. Ukraynalı diplomatlar vurğulayıblar ki, bu vasitələr hərbi təlimlərin təşkili və keçirilməsinə, hərbi vasitələrin təminatına, həmçinin Ukrayna Silahlı Qüvvələrinə təqdim olunan məhsulların yenilənməsinə sərf olunacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukrayna hakimiyyətini Donbasın xüsusi statusu haqqında qanunun qüvvədə olma müddətini uzatmağa çağırıb. "Əgər bu qanunun qüvvədə olma müddəti uzadılsa, onda növbəti gün vəziyyət bu gün olduğu kimi olacaq, yəni faktiki olaraq heç bir dəyişiklik olmayacaq. Lakin vacib olan Rusiyaya qarşı tətbiq olunan sanksiyaların davam etdirilməsidir" — deyə Volker qeyd edib.