BAKI, 18 sentyabr — Sputnik. Yeni tədris ili ərəfəsində ölkənin ucqar dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Veysəloğlu" Şirkətlər Qrupunun təşkil etdiyi görüşlərdə həmin ailələrin məktəbli övladlarının qayğıları ilə maraqlanılıb.
Şirkətlər Qrupunun əməkdaşları özünün Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi çərçivəsində İsmayıllı rayonunun 2 ucqar dağ kəndi olan Köhnədaxar və Yuxarı Qaraqaya gedərək, burada yaşayan məktəbli uşaqlara çanta və məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, layihənin məqsədi gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.