VİDEO

Yerin altından gələn möhtəşəm səs

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında deyib ki, milli musiqi gününü qeyd etmək Bakı Metropoliteninin ənənəsinə çevrilib
Sputnik

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. Eyni zamanda bu gün Azərbaycanda Milli Musiqi günü kimi qeyd edilir.

Musiqi gününü qeyd edən qurumlardan biri də Bakı Metropolitenidir. Artıq üçüncü ildir ki, Bakı şəhərinin sakinləri və qonaqları Milli musiqi günü klassik musiqidən zövq alma imkanları olur. Bu gün də eyni ənənəyə sadiq qalaraq sərnişinlərə musiqi bayramı abı-havasını yaşadıblar. 28 may və Elmlər Akademiyası metrostansiyalarında olan konsertlərdə Sputnik Azərbaycanın əməkdaşları da iştirak edib. Konsert iki hissədən ibarət olub, simli kvartet və milli üçlüyün çıxışı ilə baş tutub.

Sərnişinlərin konsertə marağı böyük olub. Hətta bir gənc oğlan konsertdə hip-hop musiqilərinin salınmasını istəyib. Sərnişinlər arasında Arzu Hüseynova tədbiri çox bəyənib. O, deyib ki, belə tədbirlər sərnişinlərə sevinc bəxş edir: "İnsanlar harasa tələsir. Məhz belə vəziyyətdə insanlara musiqi dünyası yaşatmaq möhtəşəmdir. Bu həm də musiqinin təbliğidir".

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında deyib ki, milli musiqi gününü qeyd etmək Bakı Metropoliteninin ənənəsinə çevrilib: "Artıq neçə illərdir bu ənənə davam edir. Ümumiyyətlə musiqi bizim mənəvi dəyərimiz kimi bir çox sosial layihələrimizin tərkib hissəsinə çevrilib. Biz tək Milli Musiqi Günündə deyil, Novruz bayramı, Yeni il və digər bayramlarımızda da sərnişinləri musiqi proqramları ilə sevindirməyə çalışırıq. Bu il də ənənəyə sadiq qalaraq 4 stansiyada musiqi proqramı təşkil etdik. Simli kvartet və milli üçlüyün çıxışı olmaqla hər stansiyada bir saat yarım konsert proqramı təşkil olunub. Sərnişinlərin böyük marağını görüb sevinirik. Hətta gözləntilərimizdən də artıq maraq oldu. Hər musiqidən sonra çalınan alqışlar həm bizim musiqimizə, həm də bizə verilən dəyərdir. Bu da bizim üçün uğurdur".