BAKI, 18 sentyabr — Sputnik. Rusiyanın göyərtəsində 14 hərbçi olan "İl-20" təyyarəsi sentyabrın 17-si axşam saatlarında Aralıq dənizi hövzəsi üzərində itib.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat yayır.
Məlumata görə, Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın "İl-20" təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib.
Axtarış-xilasetmə əməliyyatı hələ ki, nəticə vermir. Təyyarənin itmə səbəbi kimi müxtəlif versiyalar səsləndirilir. Belə ki, təyyarə İsrailə məxsus dörd "F-16" təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib. Həmçinin Rusiya hava məkanına nəzarət vasitələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb.
Hazırda Suriyanın Tartus limanı yaxınlığında Rusiyanın "Professor Nikolay Murov" xilasetmə buksir gəmisi dayanıb.