TƏHLİL

İşədüzəlmə ilə bağlı yeni qanun ziddiyyətlərə yol açıb: Ümidlənən də var, məyus olan da

"Məşğulluq haqqında" yeni qanun mütəxəssislər tərəfindən birmənalı qarşılanmır
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq. Onlar iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məşğulluq orqanlarına məlumat verəcəklər. Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli "Məşğulluq haqqında" qanuna əsasən, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, burada əsas məqsəddən biri əmək bazarı üzərində dövlətin nəzarət imkanlarını genişləndirmək və əmək bazarının strukturunda baş verən dəyişiklikləri mütəmadi olaraq izləməkdir: "Bu məqsədlə, həmçinin iş bankı yaradılır. Və bu bankda bütün məlumatlar – işdənçıxarılma, işə qəbul, vakansiyalarla bağlı məlumatlar və s. öz əksini tapır".

Onun fikrincə, əsas məsələlərdən biri sektorda fəaliyyət göstərən hüquqi subyektlərlə bu informasiya bankının koordinasiyasının təmin olunmasıdır: "Böyük ehtimalla hüquqi şəxslərin vasitəçilik xidməti göstərməsi tələbi də məhz buradan qaynaqlanır. Çünki bütövlükdə götürəndə bu koordinasiya qısa müddətdə təmin olunmalıdır. Ola bilsin, fiziki subyektlərin prosesə qoşulması texniki baxımdan problem yaradır. Həmçinin, fiziki subyektlərin izlənilməsi, fəaliyyətlərində şəffaflığın təmin olunması və s. özü də problemlərə gətirib çıxarır".

"Burada institutlaşma və daha keyfiyyətli mexanizmin qurulması hədəflərdən biridir. Amma bunu sadəcə qanunvericilik prizması baxımından demək mümkündür. Gələcəkdə icra zamanı vəziyyətin necə olacağı yeni qurulan mexanizmin fəaliyyətə başlamasından sonra müzakirə predmeti ola bilər" — deyə o bildirib.

Ekspertin sözlərinə görə, əsas məsələ odur ki, yeni "Məşğulluq haqqında" qanundan sonra nisbətən təkmil mexanizm formalaşır və subyektiv yanaşmalar aradan qalxır: "Çünki əvvəlki dövrlərdə prosesə birbaşa olaraq Dövlət Məşğulluq Xidməti (DMX) orqanları nəzarət edirdi. Amma hazırda informasiya bankının yaradılması bu imkanları kifayət qədər məhdudlaşdırır. Vətəndaş üçün artıq azad şəkildə seçim imkanları yaranır. Boşalan iş yerləri ilə bağlı informasiyanı vətəndaş real vaxt rejimində izləyə bilir".

"Eyni zamanda DMX-nin prosesə təsir imkanları məhdudlaşır. İnformasiya bankının yaradılması daha optimal əmək bazarının formalaşmasına və işaxtaran üçün optimal platformanın formalaşmasına gətirib çıxarır. Yanaşmanın özü təqdirəlayiqdir, amma əsas hansı səviyyədə, necə işləməsidir. Daha yaxşı olar ki, bütün maraq qrupları, o cümlədən fiziki şəxslər də bazarda öz xidmətlərini təklif edə bilsinlər. Belə olanda, rəqabəti, xidmətin keyfiyyətini artırmaq mümkündür" — deyə R.Həsənov əlavə edib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında "Məşğulluq haqqında" yeni qanunu normal hesab etmədiyini deyib: "Bu, nazirliyin sosial sahədə total nəzarətini təmin etməyə yönələn bir qanundur. Məşğulluq mərkəzləri yarıtmaz vəziyyətdədir və burada korrupsiya halları baş alıb gedir. Özəl işədüzəltmə mərkəzlərində də vəziyyət o qədər yaxşı deyil. Çünki özəl işədüzəltmə mərkəzlərində bir çox xoşagəlməz hallar baş verir. Məsələn, fiziki şəxslər insanlardan 10-15 manat pul yığıb onları aldadırlar".

Onun sözlərinə görə, indi bir növ icazəli sistem qurmaq istəyirlər və bu da düzgün deyil: "Bu, yeni korrupsiyaya yol açacaq. Yəni hüquqi şəxslər gedib reyestrə durmalıdırlar, kiməsə hörmət etməlidirlər və s. Burada tənzimləməyə ehtiyac var idi, amma belə icazə, reyestr sistemi yolu ilə deyil. Ümumiyyətlə, ölkədə kimsə iş tapırsa, elə pis-yaxşı özəl işədüzəltmə mərkəzləri vasitəsilə tapır. Amma onlarda vəziyyət acınacaqlıdır. Onların işinə dolayı nəzarəti təmin etmək lazım idi, nəinki bu reyestr sistemi".

"Fiziki şəxslər arasında fırıldaqçılıq daha çox idi. Məsələn, bir fiziki şəxs ofis götürürdü, müxtəlif yollarla başlayırdı elanlar verməyə. Sonra bunu bağlayıb, gedib başqa yerdə ofis açırdı. Fiziki şəxsin aradan çıxması daha asan idi. Bu sahədə liberallaşma lazım idi. İmici, etimadı olan qurumlar stimullaşdırılmalı idi. Reyestr sistemi isə bunu stimullaşdırmır" — deyə S.Məmmədov vurğulayıb.

Qeyd edək ki, yeni qanuna əsasən, hüquqi şəxslərin DMX-nin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən elektron formada reyestri aparılacaq. Reyestrin aparılması üçün müvafiq qayda və tələblər müəyyən ediləcək. İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları Məşğulluq Mərkəzlərinə təqdim etməlidirlər.