BAKI, 18 sentyabr — Sputnik. İstanbulda qəribə hadisə baş verib.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, İ.K və E.K cütlüyünun evliliyi cəmi 15 gün çəkib. İddia olunur ki, onların boşanmalarına səbəb qızın ailəsinin bəy evinə gedən zaman aldıqları hədiyyə olub. Belə ki, gəlinin valideynləri qonaq gələn zaman hədiyyə olaraq kartof və soğan alıblar. Bunu görən bəyin ailəsi qonaqların hədiyyəsinə sərt münasibət bildirib. "Bizim ailəni siz yeməklə təmin edirsiniz ki, bu gün də bizə kartof, soğan gətirmisiz?!" — deyə bəyin ailəsi reaksiya verib.
Oğlanın ailəsi bu sözlərlə kifayətləndirməyib alınan hədiyyəni qapıya qoyub.
Gəlin vəziyyətin sakitləşməsi üçün atası evinə gedib. Yenidən ər evinə qayıdanda isə qapının üzünə açılmadığını görüb. Ona "Ailə bitdi, atanın evinə dön" deyiblər.
Gəlin bəyi məhkəməyə verib. 4 il davam edən məhkəmənin nəticəsi məlum olub. Bəy gəlinə vurduğu maddi ziyana görə 5 min lirə (1300 manat), mənəvi ziyana görə isə 10 min lirə (2600 manat) ödəməli olacaq.