CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sovxoz direktoru olmuş azərbaycanlı “bomj” – Ukraynada hər şeyini itirib, ayaqlarını da...

Azərbaycanda sovxoz direktoru olmuş “bomj” – İndi ayaqları da daxil hər şeyini itirib
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda bir vaxtlar sovxoz direktoru işlədiyini və üç ali təhsili olduğunu deyən İosif Nağıyev hazırda Ukraynanın Mariupol şəhərindəki parklardan birində “bomj” həyatı yaşayır.

Sputnik Azərbaycan xəbər verir ki, onun barəsində 0629.com.ua portalına Mariupol sakinləri məlumat veriblər. Nağıyev şəhərin Levoberejni rayonundakı qəhrəmanlar parkındakı skamyalardan birində məskən salıb, don vurduğu üçün hər iki ayağı amputasiya olunub.

Adının İosif Həsən oğlu Nağıyev (çox güman ki, əsl adı Yusifdir) olduğunu, Azərbaycandan gəldiyini deyir. 56 yaşı var. Azərbaycanda sovxoz direktoru işləyib, üç ali təhsil alıb, İkimərtəbəli evi, uşaqları, torpaq sahəsi var. Bunu azərbaycanlı “bomj” güclü ləhcəylə bildirir.

İosif Nağıyev

Nağıyev indiki hala düşməsinə görə SSRİ rəhbəri Mixail Qorbaçovu günahlandırır. Deyir ki, Mariupola 1992-ci ildə gəlib və fəhləlik etməyə başlayıb: “Əlimdən hər iş gəlir. Yaxşı inşaatçıyam, amma hər şey bu cür zibil alındı”.

İosif nəql edir ki, uzun müddət kirayə qalıb, ev sahibəsi ölüb. Həmin vaxt o xəstəxanada olub. Xəstəxanadan çıxanda evin qapıları bağlı olub və dediyinə görə, bütün pulları, əşyaları orada qalıb. Ev sahibəsinin qızından açarı alıb evdən əşyalarını götürə bilməyib. Beləliklə, “bomj”a çevrilib.

Hərdən təsadüfi işlərdə işləyib bir az pul qazanan Yusifi ötən ilin dekabrında don vurub. Onun don vurmuş ayaqlarını kəsiblər. Deyir ki, həmin vaxt şəhərdə Yeni il ağacına gözətçilik edirmiş. “Maşında oturmaq lazım idi, amma hər halda soyuq idi. Maşın qızdırılmırdı, nəticədə ayaqlarım dondu” – azərbaycanlı “bomj” deyir.

İosifi həmin vaxt xəstəxanaya aparıblar, xəstəxanada deyiblər ki, dərmanları almaq üçün 50 min qriven lazımdır. Onun isə bu qədər pulu olmayıb. “Həkimlər adamı sağaltmırlar, şikəst edirıər” – o deyir. 

İndi İosif  hərəkətsiz qalıb və bütün günü skamyada oturur. Ona yerli sakinlər kömək edirlər, isti yemək, adyal verirlər. İosifin sifəti dağılıb. Deyir ki, bu yaxınlarda skamyadan yıxılıb və burnu sınıb, sifəti əzilib. Yerdə hələ də onun qan ləkələri qalır. “İnsanlar mənə kömək edir. Burada bir nəfər yerlim də var. Polis hərdən gəlir, baxıb gedir” – o deyir.

İosif deyir ki, içki içsə də, heç kimlə işi yoxdur: “Əlbəttə içirəm. Belə vəziyyətdə necə içməyəsən?”

“Bomj” qışın yaxınlaşmasına görə qorxuya düşüb. Deyir ki, tezliklə qar yağacaq, 15-20 dərəcə şaxta olacaq. “Mən onda neyləyəcəyəm?” – ümidsiz halda jurnalistdən soruşur.

Azərbaycanlı “bomj” deyir ki, evsiz-eşiksizlər üçün xüsusi sığınacağa getmək istəmir. Bir dəfə oradan qaçıb. “Güclə qaçmışam. Ora çirklidir, hər yerdə siçovullar dolaşır, təkcə çörək və çay verirlər. Yatmağa yer yoxdur. Döşəmədə yatırıq. Öləcəyəmsə, qoy burada ölüm”.

İosifin ümidi Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinədir. İnanır ki, ancaq bu təşkilat onu Azərbaycana, ailəsinin yanına qaytara bilər.