Həkimlər üçün oyuncaq-uşaq yaratdılar: Ağlaya, qorxa və anasını çağıra bilir

Hal suallara cavab verə, hərəkətdə olan obyektlərə baxa, tənəffüs sürətini artıra bilir
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. Amerikanın Gaumard Scientific şirkətinin mühəndislər komandası tibb işçilərinin məşq etməsi məqsədilə yeni robot-uşaq yaradıblar. Yeni robota Hal adı verilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, belə "pasientlər" həkimlərin tibb elmini öyrənməsi üçün misli görünməmiş imkanlar yaradır. Hiperelastik olan Hal oğlan uşağı formasındadır və 5 yaşlı uşaq kimi davranır.

Alimlər hesab edir ki, gələcəkdə Hal vasitəsilə həkimlər əsas bacarıqlarını inkişaf etdirə biləcəklər. Belə ki, Hal suallara cavab verə, hərəkətdə olan obyektlərə baxa, tənəffüs sürətini artıra bilir. 

Alimlər robota əsl uşağın xüsusiyyətlərini də əlavə edib. Belə ki, o qorxa, ağlaya və anasını çağıra bilir. Bununla yanaşı, Hal anaflaktik şok keçirməyi də bacarır.

Alimlər robot oğlanın əhvalını tənzimləyən funksiyalar da əlavə edib. O, qəzəbli, təəccüblü, şübhəli, narahat və digər rejimlerdə ola bilir.

Alimlər ümid edir ki, bu "mexaniki xəstələr" üzərində təlim gələcək həkimləri həm gündəlik işlərə, həm də fövqəladə hallara hazırlamaqda böyük yardım edəcək.