TƏHLİL

Azərbaycanda əcnəbilər üçün "yaşıl işıq" təklifi: Mənzillərimizə əlləri çatmalıdır

"Dövlət tərəfindən mütləq sənədləşmə işləri ilə bağlı yeniliklər və sadələşdirilmiş formalar qəbul olunmalıdır"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Son illər Azərbaycanda mənzil alan xarici vətəndaşların sayı çoxalıb. Həmçinin, İran və Rusiyada yaşayan azərbaycanlılar da Azərbaycanda əmlak almağa başlayıblar. Əcnəbilərin Azərbaycanda əmlak sahibi olması vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri düşünür ki, bu, mənzil bazarında qiymətlərin artımına səbəb olur.

Maraqlıdır, əcnəbilərin Azərbaycanda əmlak sahibi olmasının nə kimi müsbət və mənfi cəhətləri var? Ümumiyyətlə, xarici vətəndaşların ölkəmizdə mənzil sahibi olma prosesi necə həyata keçirilir? Sputnik Azərbaycan-ın mövzu ətrafında suallarına tikinti eksperti Elnur Fərzəliyev aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, ölkədə turizmin inkişafı turizm sahəsi ilə yanaşı, həm iqtisadiyyatımıza, həm də daşınmaz əmlak bazarına müsbət təsir göstərir: "Paytaxtda və bölgələrdə hotellərin sayı artsa da, mövsümündən asılı olmayaraq bu sahəyə daim tələbat olur. Artıq hotel biznesi sahəsinə xarici iş adamlarının da marağı artır və ölkəmizə sərmayələr yatırmağa çalışırlar. Həmçinin, əcnəbilər ölkəmizdəki daşınmaz əmlakın alışına da maraq göstərirlər".

Ekspert qeyd edir ki, əvvəllər Rusiya, İran, Türkiyə və MDB ölkələrinin vətəndaşları Azərbaycanda əmlak alırdırlarsa, son illər daha çox ərəb ölkələrinin vətəndaşları ölkəmizdə mülk almağa üstünlük verirlər. Fərzəliyevin fikrincə, xarici vətəndaşların Azərbaycanda mülk alması ölkəmizə milyonlarla xarici valyuta axını deməkdir.

"Lakin bu sahədə müəyyən problem də mövcuddur. Belə ki, süni surətdə yaradılmış bəzi maneələr səbəbindən xarici vətəndaşların ölkəmizdə mülk almasının qarşısı alınır. Ən böyük maneə bəzi yeni tikilmiş binalardakı mənzillərin Çıxarışının olmamasıdır. Həmçinin, Mülki Məcəllədəki qanunlara görə xarici vətəndaşların ölkəmizdə torpaq sahələri almaq hüququ da yoxdur. Sənədləşmə prosesindəki gecikmələr və yubanmalar da, nəinki xarici, hətta yerli vətəndaşlar üçün də problemlər yaradır" – deyə ekspert vurğulayıb.

E.Fərzəliyevin qənaətincə, xarici vətəndaşların müqavilə ilə ev alma hüququnun məhdud olması və əlavə olaraq bəzi binalardakı problemlər ölkəyə gətiriləcək pulların qarşısını alır: "Bu sahəyə dövlət tərəfindən daha çox diqqət ayrılsa, həm daşınmaz əmlak bazarının canlanmasına ciddi təsir göstərər, həm də xarici vətəndaşların daşınmaz əmlaklara göstərdiyi maraq daha da artar".

MİDA-dan "güzəştli mənzillər"lə bağlı daha bir məlumat gəldi

Ekspert əmlak bazarında olan dünya təcrübəsindən də nümunələr göstərib. Bildirib ki, Türkiyədə daşınmaz əmlakların sənədləşdirilməsi ilə bağlı heç bir problemin olmaması ölkəyə yüz milyonlarla dollar gəlir gətirir: "Ölkələrinin əmlak bazarında ciddi çökmə olduğu bir dövrdə xarici ölkələrin, xüsusilə ərəb ölkələrinin vətəndaşlarının bu ölkəyə kütləvi şəkildə yatırımlar etməsi tikinti sektorunun yüksək inkişafına səbəb oldu".

"Paytaxtımızda da iri miqyaslı söküntü və tikinti işlərinin aparıldığı bir dövrdür. Hazırda daşınmaz əmlak bazarında ciddi sakitlik hökm sürür. Yerli vətəndaşlar daha çox xarici ölkələrdə əmlaka pul yatırmağa üstünlük verirlər. Mənzil tikinti sahəsində alıcı qıtlığının olması tikinti işlərinin nəzərdə tutulduğu müddətdən də uzun sürəcəyindən xəbər verir" – deyən mütəxəssis təklif edir ki, gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün dövlət tərəfindən sənədləşmə işləri ilə bağlı yeniliklər və sadələşdirilmiş formalar mütləq şəkildə qəbul olunmalıdır.