CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə telefon: Valideynlərin rahatlığı, yoxsa şagirdlər üçün böyük bəla?

"Təcrübə göstərir ki, şagirdlər telefondan tamamilə təhsildən kənar məqsədlər üçün istifadə edirlər”
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Azərbaycanda məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunub. Bununla bağlı yeni hazırlanan "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsində xüsusi bənd, İnzibati Xətalar Məcəlləsində isə əlavələrin edilməsi nəzərdə tutulub. Yeni qanun layihəsinin hazır olduğu təqdirdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Təhsil ekspertləri Məlahət Mürşüdlü və Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamalarında bu qadağanın təhsilimizə nə kimi töhfə verəcəyini şərh ediblər.

İlham Əliyev ali məktəb barədə sərəncam imzaladı

Kamran Əsədov indiyədək təhsil haqqında qəbul edilmiş normativ-hüquqi aktlarda bu məsələnin öz əksini tapdığını deyib: "Aktlarda tədrisin keyfiyyətinə mane olan, şagirdlərin diqqətini yayındıran resurslardan istifadə qadağan edilib. Məktəbin ixtiyarı var ki, şagirdlərin telefondan istifadəsinə məhdudiyyət qoysun. Bir neçə il bundan əvvəl Bakı şəhərində bir neçə məktəbdə bu təcrübədən istifadə olunub. Bu il Fransada da orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələri şagirdlərə qadağan edilib, amma müəllimlərə deyil".

Ekspert onu da bildirib ki, Azərbaycanın orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin əksəriyyəti mobil rabitə vasitələrindən istifadə edir. Amma Təhsil Nazirliyinin dərsliklər ilə bağlı elektron resursundan istifadə çox aşağıdır: “Belə ki, 1,5 milyon şagirddən 100 mini bu elektron resursdan istifadə edir. Hazırda sosial şəbəkələrdən istifadə edən şagirdlərin sayı kifayət qədər çoxdur və bununla bağlı zaman-zaman xoşagəlməz hadisələr də baş verib. Əgər mobil rabitə vasitələrindən istifadə təhsilin keyfiyyətini yüksəldəcəksə, istifadə oluna bilər. Amma təcrübə göstərir ki, şagirdlər telefondan, tamamilə təhsildən kənar məqsədlər üçün istifadə edirlər və bu məsələ tənzimlənməlidir".

Əsədov bununla bağlı təkliflər də irəli sürüb: “Şagirdlərin telefondan istifadəsinə qadağa qoymaq lazımdır. Belə ki, məktəblərin girişində qoruyucu şkaflar quraşdırılsın və şagird təhsil ocağına daxil olanda telefonu həmin şkafa qoysun. Məsələnin ikinci həll yolu isə elektron sms-dir. Yəni məktəblərin girişinə turniklər quraşdırılır, şagird turnikdən keçən zaman valideynə mesaj gəlir ki, övladınız məktəbə daxil oldu".

Əsədovun fikrincə, orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək: “Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki dərsin gedişində müəllimə zəng gəlir və dərs pozulur, keyfiyyət aşağı düşür".

Təhsil eksperti Məlahət Mürşüdlü isə deyib ki, məktəblərdə mobil rabitə vasitələrindən istifadənin genişlənməsi bir bəlaya çevrilib: "Hazırda bu məsələ məktəblərdə problemdir. Amma telefondan istifadəyə yalnız dərs prosesində qadağa qoymaq lazımdır. Valideyn, şagird hüquqları pozulmamalıdır. Valideynin övladı haqqında məlumat almaq üçün telefon vacibdir".

M.Mürşüdlünün sözlərinə görə, ölkəmizdə özəl məktəblərdə telefon istifadəsi ilə bağlı təcrübə var: "Belə ki, şagirdlər məktəbə daxil olarkən telefonlarını şkafa qoyurlar və dərs prosesi bitən zaman götürürlər. Beynəlxalq təcrübədə də bu belədir. Orta ümumtəhsil məktəblərində qadağa bu formada tətbiq edilə bilər".