MƏDƏNİYYƏT

Onlar mövsümə "Sonuncu" ilə başlayacaqlar

Sentyabr ayında YUĞ Dövlət Teatrında ümumilikdə 5 tamaşa nümayiş olunacaq
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü 22 sentyabr saat 19.00-da açacaq. Teatr 30-cu mövsümə Pərvinin əsəri əsasında hazırlanmış "Sonuncu" tamaşası ilə başlayacaq. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edirlər. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənolu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Qeyd edək ki, sentyabr ayında YUĞ Dövlət Teatrında ümumilikdə 5 tamaşa nümayiş olunacaq. Teatr sentyabın 23-də "Fəna" (O.Fikrətoğlu), 28-də "Medeya.Sekvensiya-01" (V.Klim), 29-da "Təklif. Elçilik" (A.P.Çexov), 30-da "Quş dili" (T.Vahid) tamaşaları ilə tamaşaçıların görüşünə gələcək.