CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlər kədərli və uğurlu həyat hekayələrini anlatdılar

"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masada tanınmış jurnalistlər öz həyat hekayələrini anladıblar.
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Bu gün "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masada tanınmış jurnalistlər öz həyat hekayələrini anladıblar. 2017-ci ilin martında intihar etmiş jurnalist Mövlud Mövludun həyat yoldaşı və tanınmış imza sahiblərindən olan Sevinc Fədai tədbir iştirakçılarına öz kədərli ailə hekayəsini danışıb. O, bildirib ki, izdivaclarının xoş olmayan sonluqla başa çatmasında həyat yoldaşının zamanında zorakılığın və ziddiyyətlərin olduğu bir ailədə travma alaraq böyüməsinin də az rolu olmayıb. Və o, həmin travmanı oğlu Ucalın da yaşamasını istəmədiyi üçün ayrılmağa qərar verib.

Jurnalistlər kədərli və uğurlu həyat hekayələrini anlatdılar

Həmin vaxt hər zaman sivil boşanma tərəfdarı kimi çıxış edən həyat yoldaşında klassik Azərbaycan kişilərinə xas xüsusiyyətlər qabarıq şəkildə üzə çıxıb. Fədai "Azərbaycan kişisinin qadını boşana bilməz" deyən həyat yoldaşından zamanında ayrılmaqda doğru hərəkət etdiyini bildirib.

"Mövludun intiharından sonra yaxınlarım mənə dedi ki, öz canına qıyan adam asanlıqla sənin və uşağının da canına qıyardı" – deyən Fədai indi övladını ailədaxili münaqişələrdən kənarda böyütdüyü üçün daha rahat olduğunu bildirib.

Jurnalist İradə Cəlil valideynlərinin təzyiqi ilə ailə qurduğunu, ilk 1 il ərzində bu ailədən ailə olmayacağını anladığını bildirib. O, keçmiş həyat yoldaşı ilə tamam ayrı dünyanın adamları olduğunu, bununla belə iki övladı dünyaya gələnə qədər dözdüyünü bildirib.

Jurnalistlər kədərli və uğurlu həyat hekayələrini anlatdılar

İradə Cəlil ayrılarkən iki klassik Bakı ailəsi ilə mübarizə aparmalı olub. İki oğlunu böyütmək üçün min bir əziyyətə qatlaşıb. Bu gün təkbaşına övladlarını ürəyi istədiyi kimi böyüdə, tərbiyə edə bilib. Atasız uşaq böyütməyin çətin olduğunu vurğulayan jurnalist, qadınları güclü olmağa, dözülməz şeylərə dözməməyə çağırıb:

"Əgər birlikdə addımlaya bilmirsinizsə, cəhənnəm əzabı yaşayırsınızsa, belə bir ailəni süni şəkildə yaşatmağın nə mənası var?! Axı belə ailədə böyüyən uşaqlar da normal olmayacaq, ailənin və cəmiyyətin baş ağrısına çevriləcək".

Jurnalistlər kədərli və uğurlu həyat hekayələrini anlatdılar

Jurnalist Sevda Əsgər isə bugünkü ailəsi ilə öyünə biləcəyini deyib. Onun fikrincə, qadın normal ailəyə sahib olmaq üçün bəzən fədakar olmağı bacarmalıdır. "Mən gəlin gedərkən qayınanam artıq dünyada yox idi. Ailədə oğul-ata, ata-qız problemləri vardı. Mən bu ailədəki buzları əritməyi bacardım. Qayınatamla dost, baldızımla, qayınımla bacı olmağa çalışdım. Və qısa müddətdə bu məndə alındı. İndi biz mehriban ailəyik, o problemlər arxada qalıb" – deyə Sevda Əsgər bildirib.

Jurnalistlər kədərli və uğurlu həyat hekayələrini anlatdılar

"Yeni təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyə Kərimova çoxuşaqlı ailədə böyüdüyünü, anasının qazandakı sonuncu tikəni də uşaqları arasında böldüyünü, özününsə ac qalmağa razı olduğunu xatırlayıb. "Uşağı olan ana bütün çətinliklərə dözməli, fədakar olmağı bacarmalıdır. Ailə quran insan ilk növbədə ailənin gələcək zəhmətinə qatlanmağın lazım gələcəyini bilməlidir" — deyən jurnalist, indiki ailələrdə dözümsüzlüyün, böyüklərə qarşı sayğısızlığın həddən artıq olduğunu dilə gətirib.

"Ailədə qarşılıqlı sevgi, sayğı, hər kəslə dil tapmağı bacarmaq, böyüklərə hörmətlə, kiçiklərə qayğı ilə yanaşmaq şərtdir. Qadın ailənin qayğılarını çəkəndə, qayınana-qayınataya qulluq edəndə nə olar ki?! İndi ailələrə gedən gəlinlər sanki ailəyə yox, düşmən evinə gedir. Hamı böyüklərdən aralı, müstəqil yaşamaq, böyük ailənin qayğılarından uzaq durmaq istəyir" – deyən Kərimova klassik ailələrin qatı tərəfdarı olduğunu bildirib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, ictimai fəal, əməkdar jurnalist Azər Həsrət ailədəki fərdlərin etimad mühitindən sui-istifadə etməməsi lazım gəldiyini deyib.

Jurnalistlər kədərli və uğurlu həyat hekayələrini anlatdılar

"İlk gündən həyat yoldaşıma demişəm ki, əgər nə vaxtsa ayrılası olsaq, şəxsimə aid əşyalarımı götürüb evdən gedəcəm, uşaqların bütün xərclərini isə öz üzərimə götürəcəm. Axı uşaqlar təkcə yoldaşımın, ya da mənim məhsulum deyil, onlar hər ikimizin məhsuludur" – deyən Həsrət ailədəki uşaqların dözülməz mühitdə böyüməsinin boşanmaqdan daha pis olduğunu vurğulayıb.

"Bu mühiti cəmiyyətə ötürmək boşanmaqdan daha pisdir" – deyə o, bildirib.

Həsrət bu gün Azərbaycan məktəblərində qadın müəllimlərin sayının mütləq çoxluqda, kişi müəllimlərin isə yox dərəcədə olmasının uşaqların tərbiyəsində neqativ rol oynadığını deyib. Onun fikrincə, məktəblər ailələrdəki boşluğu doldurmağa çalışmalı, cəmiyyət üçün normal insanlar yetişdirməyə cəhd etməlidirlər.

Jurnalist Rumiyyə Miraslan Azərbaycan ailələrinin dağılmasında, dağılandan sonrakı problemlərin yaranmasında nikah müqavilələrinin olmamasının böyük rol oynadığını deyib. Bu yaxınlarda İranda bir toyda iştirak etdiyini, orada qadınların öz gələcəklərindən daha əmin olduğunu müşahidə elədiyini deyib:

"Nikah müqaviləsi ailə quran insanlarda məsuliyyət hissini artırardı. Üstəlik, boşanandan sonra qadınlar uşaqla birlikdə çətin vəziyyətdə qalmazdı. Bu gün qonşu İranda qadınlar ailədə çox rahatdırlar, çünki bilirlər ki, boşansalar, onların gələcək həyatını təmin edə biləcək qədər pay alacaqlar. Bizdə isə kişilər ailə qurarkən çox vaxt onun məsuliyyətini dərk etmirlər. Və belədə ailələri dağıtmaq onlara ucuz başa gəlir".