Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfər edəcək. Türkiyə dövlət başçısının Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı ən müxtəlif məsələlərin müzakirə ediləcəyi gözlənilir. Siyasi müşahidəçiləri daha çox iki ölkə liderinin görüşü zamanı Qarabağ münaqişəsi istiqamətində danışıqlara yer ayrılıb-ayrılmaması məsələsi maraqlandırır.
Bəzi müşahidəçilər istisna etmirlər ki, görüş zamanı münaqişənin həlli ilə bağlı konkret müzakirələr aparılacaq. İstisna deyil ki, Madrid prinsiplərinə uyğun olaraq, 5 rayon, yaxud 2 rayonun qaytarılması istiqamətində də müzakirə aparıla bilər. Bunun müqabilində Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində də fikir mübadiləsinin olacağı istisna edilmir. Əslində, rəsmi İrəvanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa yolu qalmayıb. Ermənistanı düşdüyü vəziyyətdən xilas etmək üçün İrəvan Qarabağ probleminin həlli istiqamətində addımlar atmağa məhkumdur. Bu baxımdan, İlham Əliyev və Ərdoğanın görüşü zamanı əsas müzakirə mövzusunun Qarabağ məsələsi olacağını ehtimal edə bilərik. Ərdoğanın Bakıya təqdim etdiyi bəzi çözüm yolları var. Bunun mahiyyəti ondan ibarətdir ki, ermənilərin işğalda saxladığı bir neçə rayonun boşaldılması müqabilində Bakı tərəfindən sərhədlə bağlı müəyyən addımlar atılır.
Fakt budur ki, Türkiyə-Ermənistan arasında sərhədlərin bağlanmasının rəsmi səbəbi Kəlbəcərin işğalıdır. Ona görə də Kəlbəcərin azad eilməsi, üstəlik, Qarabağ münaqişəsində müsbət dinamikanın əmələ gəlməsi Türkiyəyə artıq sərhədləri açmağa imkan verə bilər. Türkiyə, İsveçrə və digər vasitəçilərin planı da bundan ibarətdir. Bəzi araşdırmaçılara görə, Ərdoğanın səfərinin əsas müzakirə mövzusu məhz Dağlıq Qarabağ münaqişəsi olacaq.
Son zamanlar Rusiya ilə Türkiyə arasında ciddi yaxınlaşma müşahidə olunur. Bu yaxınlaşma Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində qərarların qəbul olunması üçün şansları artıra və ən əsası, sülh prosesinə təkan verə bilər. Unutmaq olmaz ki, bu ayın sonu Rusiya prezidenti Vladimir Putin də Bakıya səfər edəcək. Bölgədə gedən proseslər, bunun Azərbaycana təsiri, Rusiyaya qarşı sanksiyalar, Rusiyanın ABŞ tərəfindən sanksiyalarla üzləşməsi fonunda Türkiyə və Azərbaycanla Rusiyanın münasibətləri və Qarabağda mümkün ola biləcək hər hansı bir lokal hərbi əməliyyatlar perspektivi İlham Əliyevin həm Ərdoğanla, həm də Putinlə görüşünün müzakirə predmeti də ola bilər. Bu baxımdan, Əliyev — Ərdoğan görüşü zamanı geosiyasi mövzuların müzakirə olunacağı ehtimalı böyükdür.
Ərdoğanın Bakı səfəri istənilən halda mühüm hadisədir. Belə ki, Türkiyə özünü İslam dünyasının əsas oyunçusu hesab edir. Ankara dünyada "yumşaq islamçılıq" tərəfdarıdır və Yaxın Şərqdə müəyyən nüfuza malik olduğu üçün Bakı ilə münasibətlərinə xüsusi diqqət yetirir.
Vurğulayaq ki, Ərdoğanın sözügedən səfəri zamanı iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşdırılması üçün siyasi araşdırma mərkəzlərinin və kültür mərkəzlərinin qurulması məsələsinə də baxıla bilər. Bakıda və Ankarada anlayırlar ki, Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, diplomatik, hərbi və digər sahələrdə əməkdaşlıq artırılmalıdır.
Ərdoğanın Bakı səfəri zamanı Suriya böhranı, İran və Rusiyaya ABŞ-ın təzyiqləri də müzakirə edilə bilər. Bakı geosiyasi müstəvidə mühüm oyunçu statusundadır və bu baxımdan, yaxın və uzaq qonşuların nümayəndələrinin Azərbaycana səfərləri mütəmadi hal alır. Bakı bütün ölkələrlə münaisibətlərə açıqdır, lakin başlıca tələbi işğal altında olan ərazilərin azad edilməsidir…