Bu gün "Sputnik Azərbaycan" Multimedia Mərkəzində "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində keçirilən "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masada ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edib. Onlar Azərbaycan ailələrinin başlıca problemləri və onların həlli yollarından danışıblar.
Tədbirlər iştirakçıları qeyd edib ki, müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib. Son illərin statistikası göstərir ki, nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Hadisələrin bu cür inkişafı informasiya dövrünün özü ilə gətirdiyi reallıqdır. Lakin bu, klassik ailə modellərinin sıradan çıxmasına və dolayısı ilə ailə institutunun sarsılmasına səbəb olur.