BAKI, 13 sentyabr — Sputnik. ABŞ-ın Birləşmiş Millətlər daimi təmsilçisi Nikki Haley İranın Orta Şərqdəki fəaliyyətləri səbəbi ilə nüvə anlaşmasından geri çəkildiklərini bildirib. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, Nikki Haley bu barədə Fox News-un suallarını cavablandırarkən danışıb.
"İrana pul axıdırdıq. Və belə pis davranış nümayış etdirmələrinə icazə verirdik. Sanksiyaları yenidən tətbiq etdik. Beləcə İran neftini hədəf alacağıq və təsirlərini həqiqətən hiss etməyə başlayacaqlar" — deyə Haley bildirib.
O, İranı İsrail əleyhinə davranışda ittiham edib: "İsrail üçün təhdid hazırladığını görürük. İran artıq ağrını hiss edir. Zəif vəziyyətdədirlər. Və ballistik raket problemini ələ alana, terror verdiyi dəstəyi kəsənə qədər onları boğacağıq".
Suriyada kimyəvi silah istifadə etmək mövzusunda Rusiya və İranı xəbərdar etdiklərini dilə gətirən Haley ABŞ prezidenti Donald Trampın kimyəvi silah istifadə edilməsinə qarşı iki dəfə qarşılıq verdiyini də qeyd edib: "Bizi təkrar sınamayın, çünki şərtlər onların əleyhinədir".
Tramp rəhbərliyinin Fələstin Qurtuluş Təşkilatının Vaşinqton ofisini bağlama məsələsinə toxunan Haley bildirib ki, əgər müzakirəyə gəlmirlərsə, onların Vaşinqtonda ofisi olmamalıdır.
"Niyə fələstinliləri maliyyələşdirməyə davam edək? Amma bu, bizim sülh planı üzərində işləməyimizə mane olmayacaq. Onların müzakirəyə gələcəklərinə ümid edirik" — deyə o bildirib.