CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orada şər qarışınca vahimə çökür və şəhərdə "hakimiyyət" heyvanların əlinə keçir

Və ya Azərbaycanda insanların heyvanların əlindən zara gəldikləri rayon
Sputnik

İlham Əhmədov Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Oğuz rayonu hazırda sahibsiz itlərin "kef çəkdiyi" və rahat dolaşdığı bir məkana çevrilib. Artıq, son zamanlar rayonda dəfələrlə quduz it dişləməsi nəticəsində dünyasını dəyişənlərin şahid olmuşuq. Bu yaxınlarda rayon sakini Taleh İbrahimov da yaşadığı ünvanda sahibsiz küçə itlərinin hücumuna məruz qalmışdı.

Azərbaycanda 240 mindən çox it quduzluğa qarşı peyvənd olunub

Oğuz sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışırlar ki, rayonda sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib. Sakinlərin sözlərinə görə, məhəllələrdə dolaşan küçə itlərinin sayı 100-ü keçib.

"Əvvəldən də burada küçə itləri vardı, lakin son zamanlar sayları daha da çoxalıb. Dəstə ilə məhəllələrin arasında gəzirlər. Gecə saatlarında isə itlər daha da çoxalır. Hava qaralandan sonra insanlara da hücum edirlər. Gecə itlərin səsindən evdə dayanmaq olmur. Evlərdə azyaşlı uşaqlar gecə saatlarında səsə ayılır, ağlayırlar" — deyirlər şikayətçilər.

Əlavə edirlər ki, gündüzlər itlər, demək olar ki, gözə dəymir: "Yaxınlıqda yarımçıq tikililər çox olduğu üçün gündüz saatlarında orada gizlənirlər. Gecə düşən kimi üzə çıxırlar. Bir sözlə, bu itlərin əlindən yuxumuz ərşə çəkilib".

Sakinlər onu da iddia edirlər ki, itlər onların əşyalarına da zərər vurur: "Keçən dəfə hava küləkli olduğu üçün yuduğum paltar ipdən açılıb, yerə düşmüşdü. Səhər yuxudan ayıldım ki, itlər paltarı aparıb, parça-parça edib".

Sakinlərlə danışdığımız zaman gündüz olmasına baxmayaraq, biz də ərazidə — binaların arasında dəstə ilə itlərin dolaşdığına şahid olduq. Şikayətçilər onu da vurğuladılar ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, problem həll olunmayıb.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı Oğuz Şəhər Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyə sədri Arif Cavadov məsələdən agah olduqlarını və hazrda, lazımı tədbirlər görüldüyü bildirib.

"Hazırda ərazidə olan sahibsiz itlər tutularaq, heyvan mühafizə təşkilatlarına və ya maldarlıqla məşğul olan insanlara verilir. Tələbat olmadığı halda isə, itlər rayon mərkəzindən uzaq məsafələrə transfer olunur. Məlum məsələdir ki, sahibsiz itlərin öldürülməsi qanunla qadağan olduğuna görə, bəzi hallarda yaranmış problemin həllində bizlər də çətinlik çəkirik" — deyə bələdiyyə sədri vurğulayıb.