CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İbtidai siniflərdə dərs yükü azaldılacaq

Zəif nəticə göstərən şagirdlərin sayı 2012-ci illə müqayisədə xeyli azalıb
Sputnik

BAKI, 12 sentyabr — Sputnik. "Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə 2 dəfə azalıb. Belə ki, əgər bu göstərici 2012-ci ildə 12 faiz idisə, hazırda 6 faizdir. Növbəti illərdə bu göstəricinin aşağı düşməsi istiqamətində təsirli tədbirlər görüləcək".

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.

Nazir bildirib ki, zəif nəticə göstərən şagirdlərin sayı 2012-ci illə müqayisədə xeyli azalıb.

C.Bayramov əlavə edib ki, builki qəbul imtahanlarında 2090 nəfər 500-600 bal arası nəticə göstərərək ilk sırada müəllimlik ixtisasını seçib: "Bu da ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur. Bütün bunlar islahatların və dəyişikliklərin aparılmasına nikbin baxılmasına səbəb verir".

O qeyd edib ki, şagirdlərin dərs yükü məsələsi daim müzakirə olunur: "Bu istiqamətdə kifayət qədər intensiv iş aparılıb. Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah nazirlikdə kollegiya iclası keçiriləcək və layihə orada geniş müzakirə olunacaq. Daha sonra yekun qərar qəbul edilərək aidiyyəti üzrə yerlərə göndəriləcək. Xüsusilə də ibtidai siniflərdə dərs yükünün yüngülləşdirmə istiqamətində ciddi addımlar atılacaq".