BAKI, 12 sentyabr — Sputnik. Dünyanın diqqəti Suriyanın İdlib bölgəsində keçirilən əməliyyata kilidləndiyi, dinc insanların qətliamının gündəmə gəldiyi bir vaxtda Aralıq Dənizində hərbi qüvvələrin toplanması gözdən yayınır.
Sputnik Azərbaycan “Haber7”-yə istinadla xəbər verir ki, hərbi gəmilərin Aralıq dənizində toplanmasının əsl səbəbi payızda enerji mövzusunda yaşanacaq hadisələrdir. Belə ki, sentyabrın 28-i "EXXON Mobil" şirkəti bu bölgədə təbii qaz axtarışlarına başlayacaq. "Total", "Shell", "Eni", "Qatar Gas", "Noble Enerji", "Kogas" kimi nüfuzlu enerji şirkətləri də bölgədə qazma işlərinə başlamağı planlaşdırır.
Bu fonda Kiprin yunan hökumətinin Fransaya dəniz və hava bazalarından istifadə etməyə razılıq verməsiu diqqət çəkir.
Birləşmiş Ştatlar da Kiprin yunan hökumətindən ona hərbi bazalarından istifadə etmək razılığını verməsini tələb edib. Lakin Yunanıstan və Kiprin yunan hökumətinin qorxulu röyası Türkiyə donanmasıdır. Belə ki, Türkiyənin "Fatih" milli axtarış gəmisi də payızda bölgədə təbii sərvətlərin axtarışlarına başlayacaq.
Bu arada xeyli sayda gəminin cəmləşdiyi Aralıq dənizinin şərqinə yeni gəmilər də cəlb olunur. Belə ki, Böyük Britaniyaya aid sualtı nüvə gəmisi Aralıq dənizinə istiqamətlənib. Hələ də "Tomahawk" raketi ilə dolu 2 ədəd gəmini və bir ədəd sualtı nüvə qayığını Aralıq dənizində saxlayan ABŞ-ın daha bir hərbi gəmisini bölgəyə göndərməsi İdlibdəki kimyəvi silah ssenarisinə hazırlıq kimi dəyərləndirilir. Fransa da uzun müddətdir ki, gəmilərini Aralıq dənizinin şərqində yerləşdirib. Rusiya da Aralıq dənizindəki varlığını hər gün artırır.
Bu tablonun arxasında gizli məqamlar dayanır. Belə ki, bir müddət əvvəl həmin bölgədə dünyanın ən böyük təbii qaz ehtiyatları yataqlarından biri aşkarlanmışdı.