BAKI, 11 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-dən sonra ölkədə elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.
ABŞ prezidentinin bəyanatında qeyd olunur ki, ölkədə terror təhlükəsi hələ də qalır və buna görə də 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadır.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də terrorçular ələ keçirdikləri 4 sərnişin təyyarəsini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi binalara və Vaşinqton ətrafında yerləşən Pentaqonun binasına çırpıblar. Onlardan biri isə ABŞ paytaxtına çatmadan Pensilvaniya ştatında qəzaya uğrayıb. Ümumilikdə terror aktları nəticəsində 2977 nəfər ölüb, 6300-ə yaxın insan yaralanıb.