Yaxın Şərqdə böyük təlaş: Çin ordusu Suriyaya girəcək

İddia: Pekin Rusiya üzərindən 3500 əsgərini Suriyaya göndərəcək
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. İsrailin xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan "Debkafile" saytı Rusiyanın keçən həftə Aralıq dənizində keçirdiyi böyük hərbi təlimlərə Çin ordusunun da qatıldığını iddia edib.

ABŞ Suriyada qadağan olunmuş silahdan istifadə edib

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Debkafile" saytının iddiasına görə, Çin ordusu 8 sentyabrda başa çatan təlimə döyüş gəmiləri və qırıcı təyyarələri ilə qatılıb. Sayt Pekin rəhbərliyinin təlimə qoşulmasını Suriyadakı proseslərə artan marağı ilə əlaqələndirib.

Yazıda, həmçinin Çinin Rusiya və Əsəd rejiminin İdlibə hücumuna qatılacağı da iddia olunur. Bildirilir ki, Pekin Rusiya üzərindən 3500 əsgərini Suriyaya göndərəcək.

Qeyd edək ki, daha əvvəl fərqli qaynaqlar da Çin xüsusi təyinatlı qüvvələrinin Suriyada əməliyyatlara qatılacağı iddiasını ortaya atmışdı. Avqust ayında Təl-Əvivin Çinin Aralıq dənizində artan gücündən narahat olduğu dilə gətirilmişdi.

Digər tərəfdən, Çin ordusu Rusiyanın "Soyuq müharibə"dən bəri keçirəcəyi ən böyük "Vostok-2018" hərbi təliminə qatılacağını da açıqlayıb.