CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələdəki arxeoloji kəşflər tariximizin öyrənilməsinə ciddi təsir edəcək

Aşkar edilən bina qalığı eramızın XII-XIII əsrlərinə aid edilir
Sputnik

İlham Əhmədov, Spitnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik və İlk Orta Əsrlər Arxeoloji Ekspedisiyası" Qədim Qəbələ şəhərinin Səlbir deyilən ərazisində genişmiqyaslı tədqiqatlar aparıb. Arxeoloqlar yaşayış yerinin yuxarı mədəni təbəqələrinə aid iri yaşayış binası və binaya aid yardımçı tikili qalıqları aşkarlayıblar.

Tikili qalıqları öz böyüklüyü və memarlıq quruluşuna görə diqqət çəkir. Binanın çay daşından qurulmuş enli bünövrəsi və bişmiş kərpiclərdən hörülmüş divarları tədqiq edilib. Hazırda tikilinin bir böyük otağı, dəhlizi və qapı yerlərində qazıntılar davam etdirilir. Aşkar edilən bina qalığı eramızın XII-XIII əsrlərinə aid edilir. XIII əsrin sonlarında bina, tamamilə tərk edilib və zamanla kütləvi dağıntıya məruz qalıb.

Ekspedisiya rəhbəri Ceyhun Eminli Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında bildirib ki,  arxeoloji tədqiqatlar qədim Qəbələ şəhərinin Səlbir deyilən ərazisinin cənub-qərb tərəfində aparılır: “Burda təhqiqatların aparılmasının əsas məqsədi şəhərin hansı zamanda tərk edilməsini, dağılmasını, burada yaşayışın hansı dövrlərə kimi davam etməsini müəyyənləşdirməkdən ibarətdir. Arxeoloji qazıntılar zamanı burada iri yaşayış binalarının qalıqları aşkar olunub. İri binaların özülləri çay daşları ilə hörülüb, onlar çay daşı və kərpicdən memarlıq üslubunda, maili istiqamətdə tikilib”.

1 / 6
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb
2 / 6
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb
3 / 6
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb
4 / 6
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb
5 / 6
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb
6 / 6
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb

Arxeoloqlar qazıntılar zamanı tikili qalıqlarının içərisində müxtəlif bəzəkli saxsı və şüşə qab fraqmentləri, muncuqlar, düymələr, mis bəzək əşyaları da aşkarlayıblar. Tədqiqatlar bitdikdən sonra aşkar olunmuş abidənin qorunması və növbəti qazıntı mövsümlərində araşdırılmasını davam etdirmək, onu təbii faktorların dağıdıcı təsirindən qorumaq məqsədilə ilkin konservasiyası həyata keçiriləcək.

Ceyhun Eminli onu da qeyd edib ki, aşkar olunmuş materialların üzərində kameral təhqiqatlar davam etdiriləcək. Tapılan materialların təmizlənməsi, bərpası, qrafik rəsmi, foto sənədləşdirilməsi kimi işlər başa çatandan sonra daha əhəmiyyət kəsb edən tapıntı nümunələri Qəbələ arxeoloji mərkəzin sərgi zalında sərgilənəcək. Həmçinin Qəbələ rayon Diyarşünaslıq Muzeyində və digər muzeylərin salonlarında geniş ictimaiyyətə təqdim olunacaq.

Ekspedisiya rəhbəri, həmçinin arxeoloji qazıntılar zamanı tapılan insan skeletlərinin də antropoloji tədqiqi üzrə işlərin nəzərdə tutulduğunu bildirib.