Paşinyan Putinin səfər anonsunu verdi

Ermənistan baş nazirinin sözlərinə görə, Putinin səfəri zamanı bir neçə sənədin imzalanması gözlənilir
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanın Yerevana rəsmi səfər dəvətini qəbul edib. Sputnik Ermənistan xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan "Kommersant" qəzetinə müsahibəsində bildirib.

"Mən Vladimir Putini Yerevana dəvət etdim və biz səfərin yaxın gələcəkdə baş tutacağına dair razılığa gəldik. Səfər əgər bu ilin sonuna qədər olmasa da, gələn ilin əvvəli gerçəkləşəcək" — deyə Paşinyan bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, Putinin səfəri zamanı bir neçə sənədin imzalanması gözlənilir. Paşinyan vurğulayıb ki, tərəflər artıq qaz sazişi, atom enerjisi, həmçinin hərbi – texniki əməkdaşlıq sahələrində sazişlər üzərində işləyir.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş 8 sentyabr 2018-ci il tarixində baş tutub. Paşinyan və Putin arasında görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş tutan sayca üçüncü görüşdü.