BAKI, 10 sentyabr — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə "Gənclik" metrostansiyasında "Metro Gallery" layihəsi çərçivəsində "Gəmiçilik-160 il" mövzusunda fotoqalereya açılıb.
Sputnik Azərbaycan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu dəfə paytaxt sakinləri və paytaxtın qonaqları "Gənclik" stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotolarına baxa biləcəklər.
Sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Onların əksəriyyəti araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ortaya çıxıb. Gəmiçiliyin sifarişi əsasında tarixi-sənədli kitab yazan Müsəllim Həsənov qeyd edib ki, fotoların hər biri özündə böyük bir tarixi yük daşıyır. O bildirib ki, fotolar həm Azərbaycanın, həm də Rusiyanın arxivlərindən əldə olunub.
Fotolar bu ilin sonuna kimi nümayiş olunacaq. Sərnişinlər paytaxt sakinləri və şəhərimizin qonaqları, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.
Xatırladaq ki, bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Xidmət sahəsinin müxtəlifliyinə görə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC unikal gəmiçilik şirkətlərdən hesab olunur.