SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN Paşinyanın Moskva bəyanatına cavab verdi

XİN: "Paşinyanın Moskvada Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməsi danışıqlar prosesinə zərbədir"
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını şərh edərək XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan bununla baş nazir səviyyəsində əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirib.

"Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir.

Yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq.

Bir daha vurğulamaq istərdik ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür".