CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgəmizdə yüzlərlə partlamamış sursat aşkarlanıb

Sentyabrın 8-də qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102 — Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Sentyabrın 8-də qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər.

Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd partlamamış hərbi sursat aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 9 min kvadratmetr əraziyə yerüstü və 600 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Səkkiz gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 753 ədəd müxtəlif növ partlamamış hərbi sursat, bir ədəd pnevmatik tapança aşkarlanıb. Ümumilikdə 77 min 500 kvadratmetr əraziyə yerüstü və 4760 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.