MƏDƏNİYYƏT

"Azdrama" xaricə gedir

Teatrın “İuda” mono tamaşası sentyabrın 16-danümayiş etdiriləcək
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycana verilən məlumata görə, 12-16 sentyabr tarixlərində Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrı “İuda” tamaşası ilə iştirak edəcək.

Teatr həvəskarlarına xoş xəbər var

Beynəlxalq festivala Azərbaycanla yanaşı İran, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılacaq. Festival Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub. Akademik Milli Dram Teatrının “İuda” mono tamaşası sentyabrın  16-da teatrsevərlərə nümayiş etdiriləcək.

Rejissor Anar Babalının quruluş verdiyi tamaşa əməkdar artist Ayşad Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edir. Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Qeyd edək ki, “İuda” tamaşası insan xəyanətkarlığı mövzusuna həsrolunub. İuda ustadı İsa Məsihi satdığına görə vicdan əzabından qurtula bilmir. Səhnə əsəri İudanın daxili aləmini və özünə bəraət qazandırma cəhdini, onu belə addım atmağa sövq edən insani motivləri açıb göstərir.