RUSİYA

Qonşumuzun milli valyutası çökür, bizim isə ərzaq məhsullarımız bahalaşıb

Rublun ucuzlaşması ərzaq məhsullarının bahalaşmasına səbəb olur
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. "Rusiya rublu yenidən ucuzlaşmağa başlayıb. Bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə, artıq 69 rubldan artıq vəsait tələb olunur. Rusiya pulu "1 dollar 70 rubl" psixoloji həddinə yaxınlaşmaqdadır. Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib".

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bu barədə öz "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq, rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir.

"Belə ki, 2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub. Bu isə o deməkdir ki, ötən il Rusiya xarici ticarətində 115 milyard dollar müsbət saldo olub" — deyə ekspert bildirib.

Onun sözlərinə görə, enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir: "Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir. Amma bunlara rəğmən ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə, o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq".

V.Bayramov əlavə edib ki, rublun ucuzlaşması şimal qoşumuzda Azərbaycan məhsullarının bahalaşmasına gətirib çıxarıb: "Belə ki, əgər 1 ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə, indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son 1 ayda Rusiya bazarında 408 rubl bahalaşıb".

"Rubl dəyərsizləşməkdə davam edərsə, qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq, rublun ucuzlaşmasının ixracatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz" — deyə ekspert vurğulayıb.