Azərbaycan və Xorvatiya prezidentləri birgə bəyanat veriblər

İlham Əliyevin və Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirildi.

1 / 3
İlham Əliyevin Zaqrebdə rəsmi qarşılanma mərasimi olub
2 / 3
İlham Əliyevin Zaqrebdə rəsmi qarşılanma mərasimi olub
3 / 3
İlham Əliyevin Zaqrebdə rəsmi qarşılanma mərasimi olub

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü

Geniş tərkibdə görüş başa çatdıqdan sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram"ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzaladılar.

Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olub

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.