MƏDƏNİYYƏT

Eyfel qülləsində "Sarı gəlin" səsləndirildi

Azərbaycanlı cütlük Rizvan Əliyev və Röya Miriyeva Parisdəki Eyfel qülləsinin fonunda fransızlar və turistlər üçün Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa ediblər.
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Street cover layihəsi çərçivəsində bütün dünyaya səyahət edən azərbaycanlı cütlük Rizvan Əliyev və Röya Miriyeva Parisdəki Eyfel qülləsinin fonunda fransızlar və turistlər üçün Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa ediblər.

Sputnik Azərbaycan bu barədə onların "Instagram"-dakı paylaşımlarına istinadla xəbər verir. Rizvan Əliyev tarda, Röya Miriyeva isə gitarada ifa edir və həm də oxuyur.

"Fransanın dünyada ən məşhur simvolu, hər il 6 milyon turistin ziyarət etdiyi Eyfel qülləsinin qarşısında bu dəfə "Sarı gəlin" mahnısını ifa etdik" — deyə cütlük öz Instagram hesabında yazıb.

Cütlüyün məqsədi Azərbaycan musiqisini bütün dünyada təbliğ etməkdir. Onlar əsasən məşhur yerlərin və şəhərlərin fonunda retro mahnıları oxuyurlar. hazırda onlar Amerikadadırlar.

Röya Miriyeva və Rizvan Əliyev nişanlıdırlar. Onların birgə yaradıcılıq yolu 2010-cu ildə, eyni ansamblın tərkibində çıxış etdikləri zaman başlayıb. 2018-ci ildə cütlük Amerikaya gedib, orada konsertdə çıxış ediblər. Elə o zaman da Street cover layihəsinin ideyası doğulub. Onlar bu layihəni davam etdirmək niyyətindədirlər.